Bu gün Azərbaycan cəmiyyətinin əsas diqqəti işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa, yenidənqurma işlərinə yönəlib. Prezident İlham Əliyevin sərəncamları ilə mədəniyyət paytaxtımız Şuşaya, Zəngilana, Ağdama yeni yollar, dəmir yolları çəkilir. Füsunkar təbiətə malik Qarabağ bölgəsi minalardan və parltamamış sursatlardan təmizlənir. Ağıllı kənd, şəhər layihələri icra olunur. Təbii ki, görülən işlərdə diqqət yetirilən ən vacib məqamlardan biri bölgənin füsunkar landşaftının, relyefinin, təbiətinin qorunmasıdır.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq, Landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnur İsmayılov ilə bu məsələlər ətrafında söhbətləşdik. Coğrafiyaşünas alim hafta.az-a müsahibəsində bir çox maraqlı məqamlara toxunub.
SUAL: Mirnur müəllim, Qarabağın coğrafiyasının özəlliyi nədədir?
CAVAB: Qarabağın coğrafiyasının özəlliyi ondadır ki, burada olan süxurların tərkibi, relyefin yaranması geologiyası, tarixi Azərbaycanın digər ərazilərindən fərqlidir. Bu da öz əksini son nəticədə o ərazinin formalaşan landşaftlarında tapır. Qarabağ xeyli fərqli şəkildə formalaşır. Məsələn, buranın suları kimyəvi tərkibinə görə tamamilə fərqlidir. Böyük Qafqazdan mineral bulaqlarının zənginliyi ilə seçilir. Coğrafi, geoloji şərait imkan verib ki, onlar əmələ gəlsin. Müqayisə edəndə Böyük Qafqaz dağları da, Qarabağın yerləşdiyi Kiçik Qafqaz dağları da gözəldir, amma bir-birlərindən köklü surətdə fərqlənən ərazilərdir. Qarabağın süxurları, torpağı, meşələrinin tərkibi bir söz, Böyük Qafqazda mövcud olanlar başqa söz deyir. O cəhətdən tamamilə fərqli landşaftlar yarana bilmişdir. Qısa bir ərazidə dərin çay-dərə konyonları elə bir forma yaradır ki, onları Böyük Qafqazda tapmaq mümkün deyil. Bəlkə də elə bu səbəbdəndir ki, Qarabağa gələn böyük alimlər oradakı təbiəti, landşaftı tədqiq edəndə buranı Avropanın incisi olan, təbiətinə görə fərqlənən yerlərdən biri kimi İsveçrə ilə müqayisə edirlər. Bu müqayisələr elə-belə yaranmayıb. Müqayisələrin kökündə Qarabağın dağ çəmənləri, meşələri, insanı valeh edən çay dərələri dayanır.
SUAL: Dağlıq Qarabağ və Aran Qarabağ bölgəsi… Bu ikisi arasında fərqdən danışaq...
CAVAB: Tez-tez müraciət edirlər, deyirlər ki, müəllim, Qarabağ haradır? Bununla bağlı İnstitutumuza gələnlər də olub. Mən də başlayırdım bunlara izah etməyə ki, Dağlıq Qarabağ nədir, düzən Qarabağ nədir… Əvvəlcə onu deyim ki, Qarabağ bizim tarixi coğrafi ərazimizdir. Tarixi coğrafi ərazilərimizin sahəsi, tarixi şəraitdən asılı olaraq, dəyişə bilər. İşğal olunmuş ərazilərimizə gələndə, tarixi, coğrafi Zəngəzur ərazimizin bir hissəsi vaxtilə Ermənistana verilib. Zəngilan, Qubadlı, Laçın – bunlar əslində Zəngəzur ərazisidir.
Qarabağa gəldikdə isə buranı iki hissəyə - dağlıq və düzənlik Qarabağa ayırırıq. Düzənlik Qarabağ ərazisi şərq tərəfdən – Mil düzündən başlayır. Burada, təxminən, 20 metrlik horizont var. Alimlər adətən onu göstərir. Ona görə ki, həmin ərazi qədim dəniz sahəsi olub. Bir tərəfdən Kür çayı, Kür çayı boyu düzənliklər, şimal tərəfdən İncə çayı, cənubda isə Araz çayına qədər olan geniş bir ərazi - bunlar düzənlik Qarabağdır. Düzənlik Qarabağın əsas xüsusiyyəti orada əklinçiliyin olmasıdır. Əkinçiliklə bağl olan landşaftlar, dəyişmələr özünü daha çox göstərir. Düzdür, burada bəzi yerlərdə qış otlaqları olduğuna görə heyvandarlıq da inkişaf edib. Düzənlik Qarabağ, aran Qarabağ deyilən yerin torpağı da çox məhsuldardır. Burada vaxtilə meşələr də geniş yayılıb. Kürboyu Toğay meşələri olub. Saqqız ağacı meşələri olub ki, bunlar Aran Qarabağın yaraşığı idi.
Dağlıq Qarabağ bölgəsi isə Murov dağdan cənubda Arazboyu düzənliklərə qədər olan bir ərazini tutur. Qərb sərhədi Həkəriçay dərəsindən başlayır. Əslində, Dağlıq Qarabağ ərazisi Qarabağ silsiləsini bütövlükdə əhatə edən bir ərazidir.
SUAL: Dağlıq və düzənlik Qarabağın ərazisinə düşən rayonların siyahısını açıqlaya bilərsiniz?
CAVAB: Düzənlik Qarabağın ərazisində Tərtər, Bərdə, Ağcabədi, Füzuli, Ağdam və Cəbrayıl rayonları yerləşir. Cəbrayıl, Ağdam və Füzuli həm Dağlıq, həm də düzən Qarabağa düşür. Bu səbəbdən də inzibati rayonlar baxımından sayanda bir qədər ehtiyatlı olmalıyıq. Sırf olaraq, düzənlik Qarabağ ərazisi Ağcabədidir. Burada Ağcabədinin də bir hissəsi Mil düzünə düşür. Ona görə də inzibati bölgü ilə bizim apardığımız fiziki-coğrafi şəraitə uyğun olan rayonlaşma bəzən bir-birinə uyğun gəlmir. Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylası Kəlbəcərin ərazisindədir. Bunlar əslində Dağlıq Qarabağdır. Burada bir qədər müqayisəli məsələ var. Məsələn, zəngilanlılar, qubadlılılar özlərini zəngəzurlu bilirlər. Əslində, onlar tarixən zəngəzurludurlar. İşğal psixologiyamızı dəyişdi. Qarabağ işğal olundu deyəndə, orada Zəngilan da getdi, Qubadlı da getdi. Bir növ, həmin ərazidə yaşayanlar da Qarabağa kökləndilər. Hansısa məqalələr yazılarkən, süjetlər çəkilərkən, “Qarabağ işğal olundu” yazdılar və Zəngəzur yaddan çıxdı.
SUAL: Niyə Coğrafiya İnstitutu olaraq bu məsələ ilə bağlı hansısa kitab, jurnal nəşr edilməyib? Ümumiyyətlə, nəzər salanda görürük ki, Qarabağın bu günə kimi məkan informasiya bazası işlənib hazırlanmayıb. Hər iki məsələ ilə bağlı hansı işlər görülür?
CAVAB: Biz artıq bu işlərə başlamışıq. “Qarabağın coğrafiyası” adlı kitab yazırıq. İşğal olunan ərazilərin mənimsənilməsi nə deməkdir? Əgər ərazi işğaldan azad edilib və orada şəhər, kənd salmaq istəyirəmsə, əkin sahələri və s. infrastruktur layihələrini məkanın üzərində həyata keçirməliyəm. Ona görə də məkan informasiya bazası yaradılmalıdır. Buna Coğrafi İnformasiya Sistemi də deyilir. Bu informasiya bazası məsələsi ilə hazırda Azərbaycanda xeyli institut və özəl müəssisə məşğul olur. Biz də qərara aldıq ki, Coğrafiya İnstitutu olaraq, “Qarabağın coğrafiyası” kitabını yazaq. Hazırda onun üstündə iş gedir. Bu ilin sonuna kimi təhvil verəcəyik. Qarabağın informasiya bazası da yaradılacaq.
SUAL: Hazırda işğaldan azad edilən ərazilərdə yeni avtomobil, dəmir yolları inşa edilir, infrastruktur yaradılır. Qarabağın yenidənqurulması məsələsində landşaft amilinin rolundan danışmağınızı istərdim. Bu prosesdə ən çox nələrə diqqət yetirilməlidir?
CAVAB: Hər hansısa bir ərazi məskunlaşdırılanda bölgədə gedən proseslər mütəxəssislər tərəfindən dərin araşdırılmalı və onun elektron bazası yaradılmalıdır. Bu, xəritələrdə də öz əksini tapmalıdır. Həmin xəritələrin tərtib olunması üçün bizdə də işlər görülür. Bu işlər imkan verəcək ki, landşafta ziyan vurmadan, təbii landşaftı pozmadan işlər görülsün. Məsələn, elə landşaft var ki, onun gözəlliyi həddən artıq vazkeçilməzdir. Yəni ora turist cəlb etməklə daha çox gəlir götürə bilərsən. Belə olan halda, həmin ərazidən yol çəkmə, bir az kənardan çək. Bunu da landşaftşünaslar bilir.
SUAL: Bunun üçün landşaft planlarının olması vacibdirmi?
CAVAB: Bəli, landşaft planları tərtib olunmalı və sonra o ərazi mənimsənilməlidir. İndi çox şükür ki, Qarabağda ağıllı kəndlər, yaşıl şəhərlər kimi layihələr həyata keçirilir. Ümumiyyətlə, bütün dünyada yaşıl iqtisadiyyat deyilən sistem həyata keçirilməkdədir. Bu sistem o deməkdir ki, bizə təbiətin verdiyi sərvətlərdən səmərəli istifadə etməyə və çox da ziyan vurmadan onu mənimsəməyə imkan yaradır. Təbiət həm də gələcək nəsillər üçün qorunub-saxlanılmalıdır. Təbiətə bugünün varlığı kimi baxma prinsipləri artıq yoxdur. Ona görə Qarabağı gələcək nəsillərə saxlamaq məqsədilə ağıllı kənd və yaşıl şəhərlər yaratmalıyıq ki, təbiətimizə zərər vurmadan bu layihələri həyata keçirək. Məsələn, bu gün suyu ən çox hara yönəldirik? Arana. Buna baxmayaraq, hələ də su çatmır. Niyə? Ağıllı su idarəetməsini tətbiq edə bilməmişik. Tətbiq edilsə, bu gün bilərik ki, hansı kənddə su yoxdur. Kəndli səs-küy salmalıdır. Televiziyada deməlidir, jurnalist gedib çəkməlidir. Jurnalistdən sonra bunu məmur bilir. Jurnalist Bakıda oturur, hər kəsdən əvvəl xəbər tutur. Məmur isə kənddədir, amma vəziyyətdən xəbərdar deyil. Ağıllı şəhərlər, ağıllı kəndlər, yaşıl şəhərlər bu kimi faktların yaranmasına imkan verməyəcək. Hər şey elektron qaydada idarə olunacaq.
SUAL: Dağlıq Qarabağda çayların, göllərin və meşə fondunun bərpası ilə bağl nə deyərdiniz?
CAVAB: Dağlıq Qarabağın çayları, suları, gölləri, sərt suları kifayət qədərdir. Orada həm də göllərimiz, çaylarımız çoxdur. Çay şəbəkəsinin sıxlığı kifayət qədərdir. Bəzən çay şəbəkəsinin sıxlığında dəyişmələr müşahidə etmək mümkündür. Məsələn, Tərtər çayı və onun qolları... Həkəri və Bəsit çayları... Mən bütün çayların adını çəkmək istəmirəm. Burada 300-400-dən çox çay var. Eləsi var ki, onun uzunluğu 20-30 kilometrdir. Eləsi də var, 100 kilometrdir. Azərbaycanın iki ən böyük çayı – Həkəri və Tərtərdir. Bu çaylar Qarabağın yaraşığıdır. Onların üzərində su anbarları yaradılıb, eləcə də Tərtərin üzərində də qurulub. Bundan başqa Qarabağın mühüm sərvəti onun meşələridir. Biz həmişə deyərdik ki, Azərbaycanda 3-4 meşə ilə zəngin olan yer var. Bunlardan biri də Qarabağ ərazisidir. Həmin meşə fondumuz, demək olar ki, ziyan çəkib, 40 min hektardan artıq meşələrimizə ziyan dəyib, məhv olub. Bu, cinayətdir. Bir ağacın böyüməsi üçün bir insan ömrü bəs etmir.
SUAL: Müharibə dövründə həmin ərazilərə çox sayda silah-sursat atıldı. Bu amil Dağlıq Qarabağın coğrafi landşaftına nə kimi təsir göstərib?
CAVAB: Qarabağ ərazisində elə landşaftlar var ki, zəifdir. Ən adi antropogen təsirlərdən pozula, dağıla bilir. Bir dəfə oraya səfər etmişik. Ərazilərə nəzər yetirmişik. Müxtəlif silah növləri relyefdə fərqli formalar yaradıb. Ermənilər tərəfindən iriçaplı silahlardan atılan güllələr relyefdə 1-2 metr dərinliyində, böyük və kiçik olan çuxurlar əmələ gətirib. Bunlar da landşaftın relyefini pozur, torpaq örtüyünü məhv edir. Sonradan həmin ərazidə erroziyalar genişlənəcək. Gələcəkdə erroziya ocaqları digər torpaqların sıradan çıxmasına səbəb olacaq. Məsələn, həmin ərazidə raket partlayıbsa, torpağın kimyəvi tərkibində də müəyyən qədər dəyişmələr əmələ gəlib. Torpağa müəyyən zəhərli maddələr qarışıb. Həmin kimyəvi-zəhərli elementlər sərt suların təsirindən yağış yağanda digər ərazilərə axacaq. Beləliklə, landşaftda dəyişmələr əmələ gələcək.
SUAL: Bilirsiniz ki, sərhəddə Qaragöl məsələsi və adını çəkmədiyimiz ərazilər var. Hansı ki, ermənilər iddia edir ki, bu ərazilər heç vaxt Azərbaycanın olmayıb. Ümumiyyətlə, Azərbaycanın landşaftı haradan başlayıb, harada qurtarır?
CAVAB: Hələ sovet dövründə respublikalar arasında düşünülmüş sərhədlər mövcud idi. Həmin sərhədlər topoqrafik xəritələrdə öz əksini tapmışdı. Bu xəritələr SSRİ Baş Geodeziya və Kartoqrafiya İdarəsi tərəfindən rəsmiləşdirilirdi. Həmin ərazilərdə kartoqrafik çəkilişlər aparılırdı. Ondan sonra xəritələr coğrafi koordinatlara əsaslanırdı. Nə qədər ki, ərazilərimiz işğalda idi, ermənilər harada gəldi yol çəkib, ev tikirdi. Biz səbir etdik və torpaqları geri aldıq. Delimitasiya məsələsinə gəldikdə isə, bu çox ağrılı bir işdir. Rusiya, İran və Gürcüstanla bizim heç bir problemimiz yoxdur. Ermənistanla ən uzun sərhədimiz olan bir dövlətlə çox ciddi problem var. İstər Naxçıvan tərəfindən, istər işğaldan azad edilmiş ərazilər, istərsə də işğal edilməyən Gədəbəy, Qazax, Tovuz və s. zonalarda problemlər mövcuddur. Bu problemi həll etmək üçün elə bir dövrün xəritələri götürülməlidir ki, həmin dövr nisbətən sabit olub. 1948-1952-ci illərdə ilk topoqrafik xəritələr hazırlandı və 1970-ci illərdə yeniləndi. Həmin xəritələrdə bu məsələ çox dəqiqliklə öz əksini tapıb.
SUAL: İşğaldan azad edilmiş ərazilərlə bağlı məsələyə bir daha qayıtmaq istərdik. Bu regionların ayrı-ayrı landşaftları barədə də Sizi dinləmək istərdik…
CAVAB: Landşaftlar həmin rayonların incisidir və göstəricisidir. Füzuli və Cəbrayıl rayonlarının əraziləri bozqır landşaftlarıdır. Həmin ərazilərdə bizim bozqırlar çox məhsuldar torpaqlara malikdir. Şabalıdı torpaqlardır, boz-qəhvəyi də deyirlər belə ərazilərə. Bu torpaqlardan həm əkinçilikdə, həm də maldarlıqda geniş istifadə etmək mümkündür. Zəngilanın landşaftı fərqlidir. Dağlıq ərazidir. Meşələri həm bozqırları, həm dağ çəmənləri çox seçilən bir ərazidir. Laçının landşaftında üstünlüyü meşə sahələri tutur. Burada bozqırlar xeyli azalır. Kəlbəcərin yaraşığı isə dağ çəmənləridir.